Oruc Tutmaq İstəyən Diabetli Xəstələr Nə Etməlidirlər?
Riskləri gözə alıb oruc tutmaq istəyən xəstələr nə etməlidirlər❓
- Gündəlik kalori miqdarını tənzimləyərək Ramazan ayına uyğunlaşdırılmış pəhrizə riayət edin.
- İftar və sahurdə qəbul etmək üzrə dərmanlarınızın qəbul saatını həkiminizlə birlikdə düzənləyin.
- İftar və sahur arasında "az" amma "tez-tez" yemək prinsipini tətbiq edin. Yəni, sahur və iftarda iki "əsas" yemək, iftardan 1-1.5 saat sonra bir və ya iki dəfə "ara" yemək qəbul edin.
- Qida seçimində ağ undan hazırlanmış çörək, xəmir yeməkləri, düyü plovu, makaron, kartof və şəkərli qidalar kimi qan şəkərini yüksəltmə potensialı yüksək olan qidaları məhdudlaşdırın.
- Sahurda az yağlı pendir, yumurta, zeytun, çovdar və ya tam buğda çörəyindən istifadə edə bilər, bir stəkan süd və ya ayran, meyvə və tərəvəzlərlə yeməyinizi zənginləşdirə bilərsiniz. Liflə zəngin olan bu yemək sizi uzun müddət tox tutacaq və iftara qədər daha rahat bir gün keçirməyinizə şərait yaradacaqdır.
- İftarda bir kasa şorba və salatla orucunuzu aça bilər, 10-15 dəqiqə fasilədən sonra ət və ya tərəvəz yeməyi, qatıq, çovdar və ya buğda çörəyi ilə davam edə bilərsiniz.
- Gün ərzində həddindən artıq aclıq hiss edirsinizsə, qırmızı lobya, noxud, mərcimək və bulqur kimi proteinlə zəngin qidalardan istifadə edin. Zülal tərkibli qidalar mədədə daha uzun zaman qaldıqları üçün sizi uzun müddət tox tutacaqdır.
- "Ara" yeməklərdə isə sahurda və iftarda kifayət qədər və ya heç istifadə etmədiyiniz qidalardan - meyvə, süd, qatıq, qoz-fındıq, badam və s. istifadə edə bilərsiniz.
- Bir dəfəyə böyük porsiyonlarla qidalanmaq əvəzinə daha kiçik porsiyonlara üstünlük verin.
- Orqanizmin uzun müddət susuz qalması böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Diabetin ən çox zədələdiyi orqanlardan biri olan böyrəkləri qorumaq üçün iftar və sahur arasında ən az 2-2,5 litr (12-14 fincan) su için.
- Hipoqlikemiya vəziyyətinə qarşı üstunuzdə şəkər, meyvə suyu, kişmiş və ya şəkərli qida gəzdirin. Özünüzü pis hiss etsəniz, orucunuzu dayandırın.
- Ramazan bitdikdən sonra təkrar əvvəlki müalicə və qida rejiminə qayıdın.
⚜️Bizə əmanət edilmiş vücudumuza qayğı göstərmək də bir ibadətdir! Allah ibadətinizi qəbul etsin!
Endokrinoloq Dr.Sevinc Ağaqızı








