Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Hiperaldosteronizm - Aldosteron Yüksəkliyi

Böyrəküstü vəzilər

Adrenal vəzilər böyrəklərin üstündə yerləşən üçbucaqlı prizma formalı, 3-6 qr ağırlığında orqanlardır. Bu vəzilərin quruluş etibari ilə iki təbəqəsi vardır:

  • xarici təbəqə "korteks"
  • daxili təbəqə "medulla"

Aldosteron, Kortizol və cinsi hormonlar (DHEA və Androstenodion) korteks qatında, katexolaminlər (Adrenalin və Noradrenalin) isə medulla qatında sintez olunur.

Böyrəküstü vəzi mənşəli xəstəliklərdə şikayətlər və klinik əlamətlər ifrazatı artmış və ya azalmış hormona görə dəyişir. Bu yazımız aldosteron hormonu artıqlığı zaman yaranan hiperaldosteronizm haqqında olacaq.

Hiperaldosteronizm

Aldosteron, orqanizmdə natrium (duz) və kalium səviyyələrini tənzimləyən bir hormondur. Aldosteron səviyyəsi yüksəldikdə bədəndə natriumu saxlayaraq duz və suyun toplanmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur.

Hiperaldosteronizm böyrəküstü vəzilərdən qaynaqlanırsa - birincili hiperaldosteronizm, başqa bir yerdən qaynaqlanırsa - ikincili hiperaldosteronizm adlanır.

Hiperaldosteronizm aşağıdakı hallarda araşdırılmalıdır:

  • Şiddətli zəiflik-halsızlıq və əzələ spazmı ilə müşahidə olunan yüksək qan təzyiqi
  • Üçdən çox dərmanla idarə olunan yüksək təzyiq
  • 30 yaşına qədər başlayan yüksək qan təzyiqi
  • Ailədə gənc yaşda insult tarixcəsi
  • Qanda kaliumun səviyyəsinin aşağı olması - hipokalemiya

Hiperaldosteronizmə diaqnoz qoymaq üçün qanda aldosteron və renin səviyyələri ölçüməlidir. Renin-böyrəklər tərəfindən sintez olunan, qan təzyiqini tənzimləyən bir proteindir. Birincili hiperaldosteronizmdə renin səviyyəsi aşağı, aldosteron səviyyəsi yüksək olur. Diaqnoz qoyulduqdan sonra adrenal ocağın (birtərəfli və ya ikitərəfli) aşkarlanması üçün adrenal tomoqrafiya (KT) və ya MR görüntüləmə planlaşdırılır.

Hiperaldosteronizmin müalicəsində səbəbindən asılı olaraq həyat tərzi dəyişiklikləri, dərman müalicəsi və ya əməliyyat tətbiq oluna bilər. Əməliyyatdan öncə hansı böyrəküstü vəzin çox miqdarda aldosteron sintez etdiyini təyin etmək üçün xususi müayinə metodu tətbiq olunur. Birtərəfli olarsa, əməliyyat, dərman müalicəsi və həyat tərzi dəyişiklikləri, ikitərəfli olduqda isə dərman müalicəsi və həyat tərzi dəyişiklikləri müalicə olunur. Bu xəstələrə duzlu qida və alkoqol qəbulu məhdudlaşdırılır, siqareti tərgidilmək, ehtiyac olduqda çəkini azaltmaq və fiziki aktivlik tövsiyə olunur.

Endokrinoloq Dr.Sevinc Ağaqızı