Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Şəkərli Diabet

Şəkərli Diabet nədir? Necə əmələ gəlir?

Şəkərli Diabet, başda karbohidratlar olmaqla zülal və yağ mübadiləsi ilə əlaqəli olan bir metabolizma xəstəliyidir və özünü qan şəkərinin yüksək olması ilə göstərir. Diabet xəstəliyindəki metabolik pozğunluğun əsas səbəbi qan vasitəsi ilə daşınan glukozanın (şəkərin) hüceyrələrin içinə girə bilməməsidir. Normal halda qidalardan əldə edilən və ya qaraciyərdəki depolardan qana kecən qlükoza pankreas (mədəaltı vəzi) tərəfindən ifraz olunan insulin hormonunun köməkliyi ilə hüceyrənin içinə daxil olur və orada yandırılaraq enerjiyə çevrilir. Hüceyrələrin üzərində müxtəlif maddələrin hüceyrəyə daxil olmasına icazə verən qapılar (reseptorlar) vardır. Bu qapılar normalda bağlı olur və yalnız uyğun açar olduqda açılırlar. Şəkərli Diabetdə isə açar funksiyasını insulin hormonu yerinə yetirir. Bu nümunədən irəliləsək Şəkərli Diabet - insulin hormonu çatmamazlığına və/və ya insulinin təsir etdiyi reseptorların pozuqluğuna bağlı olaraq əmələ gəlir.

Neçə tip Şəkərli Diabet vardır? Yayılma sıxlığı necədir?

Səbəblərinə görə bir çox diabet tipləri vardır. Lakin diabet hallarının çox böyük bir qisimini 1-ci Tip və 2-ci Tip Şəkərli Diabet xəstəliyi təşkil edir.

1-ci Tip Şəkərli Diabet

Daha çox uşaqlarda, yeniyetmələrdə və gənclərdə görünür. 1-ci Tip Şəkərli Diabet, pankreasta olan və insulin istehsal edən beta hüceyrələrinin autoimmun bir proses (bədənin immun sisteminin öz hüceyrələrini tanıya bilməməsi) nəticəsində zədələnməsi ilə meydana gəlir. Mütləq və ya nisbi insulin çatışmazlığı olduğundan xəstələr ömür boyu insulin hormonunu inyeksiya yolu ilə almaq məcburiyyətindədirlər. Bu səbəblə 1-ci Tip Şəkərli Diabet insulindən asılı Diabet (Insulin Dependent Diabetes Mellitus = IDDM) olaraq da adlandırılır. Ümumi olaraq cəmiyyətdəki diabet hadisələrinin 10%-i 1-ci Tip Şəkərli Diabetin payına düşür. Uşaqlıq çağında 1-ci Tip Şəkərli Diabet sıxlığı ölkələr (bölgələr) arasında fərqlilik göstərməkdədir və hər il 15 yaş altındakı 100.000 uşaqdan 1-42-sinde diabet inkişaf etməkdədir. 1-ci Tip Şəkərli Diabet ümumi olaraq şimal ölkələrində daha tez-tez görülməkdədir.

2-ci Tip Şəkərli Diabet

Daha çox yetkin və kök (obez) şəxslərdə görülməkdədir. 2-ci Tip Şəkərli Diabetli xəstələrdə insulin ifrazındaki çatışmazlıqdan çox toxumalardakı insulin reseptorlarındakı müqavimət (rezistentlik) nəticəsində karbohidrat mübadiləsi pozulmaqdadır. 2-ci Tip Şəkərli Diabetin genetik meyillilik zəminində inkişafı məlumdur, lakin genetik mexanizmlər tam olaraq aydınlaşdırılmamışdır. 2-ci Tip Şəkərli Diabetlilər xəstəliklərinin başlanğıcında və çox uzun bir müddət insulin ehtiyacı olmadan həyatlarını davam etdirə bilirlər. Buna görə də 2-ci Tip Şəkərli Diabet həmçinin insulindən asılı olmayan diabet (Non-Insulin-Dependent Diabetes Mellitus = NİDDM) olaraq da adlandırılır. Dünyada və ölkəmizdə yetişkin əhali arasında 2-ci Tip Şəkərli Diabet ən çox rast gəlinən xəstəliklərdən biridir.

Şəkərli Diyabetin əlamətləri nələrdir?

Şəkər xəstəliyinə bağlı klinik əlamətlər(simptomlar) bədəndəki karbohidrat, zülal və yağ metabolizmasının pozulmasına bağlıdır. İnsulin əskikliyi və / və ya insulin rezistentliyi səbəbiylə hüceyrələrə girə bilməyən qlükoza qanda müəyyən bir səviyyədən (180 mg/dl) artıq olarsa sidik vasitəsi ilə atılmağa başlayır. Böyrəklər vasitəsi ilə ifraz olunan qlükoza özü ile bərabər maye irfazını da artırar və nəticədə tez - tez sidik ifrazı-poliuriya müşahidə olunur. Bədəndə poliuriya nəticəsində əmələ gələn maye itgisini bərpa etmək üçün çox su içilir və bu da polidipsiya olaraq adlandırılır. Orqanizm enerji qaynağı olaraq glukozanı mənimsəyib istifadə edə bilmədiyinə görə tez-tez aclıq hissi, iştah artması-polifagiya olur, digər tərəfdən də ehtiyat enerji depoları olan yağlar və zülallar parçalanmağa başlayır və bunun nəticəsində iştah artmasına baxmayaraq xəstədə arıqlama-çəki itgisi müşahidə olunur. Bu klassik simptomlardan başqa diabet xəstələrində tez yorulma, görmə bulanıqlığı, dəri infeksiyası, qadınlarda vaginal göbələk infeksiyası kimi əlamətlər də görulə bilər.

Şəkərli Diyabetin diaqnozu necə qoyulur?

Şəkərli Diyabet diaqnozu müxtəlif beynəlxalq təşkilatların (WHO: Dünya Səhiyyə Təşkilatı, IDF: Beynəlxalq Diabet Federasiyası) təyin etdiyi meyarlara əsasən qoyulur:

  • Klassik diabet simptomları olan bir şəxsdə günun hər hansı bir zamanda ölçülən plazma qlükoza səviyyəsinin 200 mg/dl-e bərabər ya da üzərində olması,
  • Ən az 8 saatlıq aclıq sonrası plazma şəkərinin 126 mg/dl-e bərabər ya da üzərində olması,
  • Şəkər yükləmə testində (OGTT) 2-ci saatdakı plazma qlükoza səviyyəsinin 200 mg/dl-e bərabər ya da üzərində olması,
  • HbA1C (Glikozilləşmiş hemoglobin A1c) ≥ %6.5 (≥48 mmol/mol) olması.

Bu göstəricilər əsasında Şəkərli Diabet diaqnozunu təstiqlənir və endokrinoloq tərəfindən Diabetin tipini, xəstənin yaşını, şikayətlərini, yanaşı gedən xəstəliklərini, ağırlaşmalarını nəzərə alaraq pəhriz və kompleks müalicə təyin olunur.

Endokrinoloq Dr.Sevinc Ağaqızı