Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

İnsulin Dirənci

İnsulin Dirənci Nədir və Necə Əmələ Gəlir?

İnsulin-mədəaltı vəzidə (pankreas) Langerhans adacıqlarında yerləşən β-beta hüceyrərəri tərəfindən ifraz olunur, əsas funksiyası qanda şəkərin miqdarının normal səviyyəsini təmin etməkdir. Bundan başqa insulin həmçinin qanda yağların (triqliseridlərin), xolesterinin, zülal mübadiləsinin son məhsulu olan sidik turşusunun (urik asidin) miqdarını tənzimləyən anobolik – yəni qoruyucu xususiyyətlərə malik hormondur.

Bədənimiz lazım olan enerjini yediyimiz qidaılardan əldə edir, yediyimiz qidalar həzm sistemində parçalanaraq bağirsaqlardan qana sorulur və hüceyrələrə daşınaraq enerji kimi istifadə olunur. Bu enerjini təmin etmək üçün şəkərin əzələ, qaraciyər, piy toxuması başda olmaqla bütün toxumalara daxil olması lazımdır. Qandakı şəkərin hüceyrəyə daxil olmasını isə insulin hormonu təmin edir. İnsulin hüceyrə divarında yerləşən insulin reseptorlarına təsir edərək qlukozanın hüceyrə daxilinə keçməsinə şərait yaradır.

Eyni zamanda insulin hüceyrələrin ehtiyacından daha çox olan şəkəri yağlara çevrilib depolayan bir hormondur. Bu səbəbdən qanda insulin səviyyəsi yüksək olan insanlarda piylənmə müşahidə olunur.

İnsulin dirəncinin əmələ gəlməsi mərhələlərlə baş verən bir prosesdir: əvvəlcə qəbul olunan çox miqdarda şəkərə qarşı cavab olaraq küllü miqdarda insulin ifraz olunur. Bu da şəkəri sürətlə və çox düşürərək hipoqlisemi halı yaradır, bu zaman həmin şəxsdə güclü aclıq hissi yaranır. Bu səbəbdəndir ki, şəkərli və undan hazırlanmış qidalar qəbul edən şəxslər tez bir zamanda acırlar. Külli miqdarda ifraz olunan insulinin köməyi ilə hüceyrələrə gərəyindən daha artıq şəkərin daxil olması həmin hüceyrənin normal fəaliyyətini pozur. Bu duruma müdafiə reaksiyası olaraq hüceyrə membranında yerləşən insulin reseptorları insulinə qarşı dirənc göstərməyə və insulinə cavab (reaksiya) verməməyə başlayır. Nəticədə hüceyrə zarında qandakı insulinə qarşı sanki bir divar yaranır və bu “dirənc - rezistentlik” adlanır. Bu zaman qanda şəkərin səviyyəsi yüksək olur, ancaq buna baxmayaraq hüceyrə daxilinə keçə bilmədiyinə görə hüceyrələrdə enerji mənbəyi olan qlukoza olmadığından aclıq hissi yaranır və bu daha da çox qida qəbuluna səbəb olur. Cavcab olaraq qandakı insulin artdıqca sanki bu “divar” da qalınlaşır və bu funksional divarı aşmaq üçün mədəaltı vəz daha çox insulin ifraz etməyə məcbur olur. Nəticədə bir-birini əks istiqamətdə tənzimləyən, metabolizmanı dərindən pozan səhv bir sistem (qüsürlu dövran) işləməyə başlayır.

Zamanla mədəalti vəz yorulur (dekompensasiya halına keçir) və insulinə cavabsızlıq insulin çatışmamazlığı ilə nəticələnir. Nəticədə artıq daha ciddi bir problem olan 2-ci tip Şəkərli Diabet (DM) meydana gəlir. Bu səbəbdəndir ki, insulin dirənci vaxtında aşkarlanıb müalicə olunmursa, bir sıra çox ciddi xəstəliklərə yol aça bilir:

  • 2-ci tip Şəkərli Diabet
  • Piylənmə
  • Hipertoniya
  • Ürək-damar xəstəlikləri
  • Qaraciyər piylənməsi və.s göstərmək olar.

İnsulin Dirəncinin Əlamətləri:

  • Artıq çəki, cəki itirmənin çətin olması, itirilmiş çəkinin tezliklə və artıqlaması ilə geri qayıtması,
  • Tez-tez acma, gec doyma hissi, şirniyyata qarşı xüsusi həvəs, yeməkdən sonra halsızlıq, yorğunluq, yuxusuzluq,
  • Yeməkdən 1-2 saat sonra hipoqlisemi atakı – güclü aclık hissi, əsəbilik, ürək çırpıntısı, əl-ayaqlarda titrəmə, soyuq tər,
  • "Akantozis Nigrikans" deyilən xüsisi ilə qoltuq altı, qasıq, boyun nahiyələrində dəri rənginin qaralması,
  • Qaraciyər yağlanması,
  • Qadınlarda menstrual düzənsizlik,
  • Yuxu pozğunluqları, gecələr tez-tez oyanma, yuxu apnoesi, gecələr aclıq krizlərinin olması.

Kimlər Risk Altındadır:

  • Ailəsində Şəkərli Diabet xəstəsi olanlar
  • Gestational Diabet keçirənlər (Hamiləlik dovru diabeti)
  • Özundə və ailə üzvlərində piylənmə olanlar
  • Hipertoniya xəstələri
  • Yumurtalıqıarın Polikistozu (PCOS) və.s.

Əmələ Gəlmə Səbəbləri:

  1. Qeyri-sağlam qidalanma
  2. Fiziki aktivliyin azalması-hipodinamiya
  3. Genetik meyillilik

Müayinə Metodları və Aşkarlanması:

  1. Aclıq qan şəkəri və insulin
  2. Yeməkdən 2 saat sonra toxluq qan şəkəri və insulin
  3. Lipid spektiri – xolesterin, triqliseridlər, HDL, LDL
  4. Sidik turşusu (Urik asid)
  5. Tiroid hormonlari – TSH, sT3, sT4
  6. Böyrəküstü vəz hormonu  – kortizol

HOMA-İR (Homeostatic Model of Assessment-Insulin Resistance) hesablanır və HOMA-İR 2.5 üzərindədirsə, aclıq insulini isə 5-dən çoxdursa, eyni zamanda aşağıdakı parametrlərdən 3-ü varsa İnsulin Dirənci varlığı təstiqlənir:

  • Qanda şəkər və insulin səviyyəsinin yüksək olması
  • Bel çevrəsi Q - 88 sm, K - 102 sm –dən çox olması
  • AT - 140/90 mm.Hg-dan yüksək olması
  • USM-də qaraciyər yağlanması müşahidə olunması
  • Qanda sidik turşusu səviyyəsinin yüksək olması
  • LDL-↑, HDL-↓,triqlisetridlərin ↑ olması

Müalicə Yolları

  • Pəhriz müalicəsi mualicənin 80%-ni təşkil edir. Qidalanma vərdişlərinin dəyişdirilməsi, qlisemik indeksi (Gİ) aşağı olan, az kalorili, lifli, rafinə olunmamış məhsulların istifadəsi məsləhətdir.
  • Müntəzəm şəkildə edilən fiziki aktivlik (sürətli gəzinti,üzgüçülük və.s.), gündə 30-40 dəq sürətli gəzinti məsləhət görülür, bu zaman 1 dəq-də 100-120 addım atmalı, zamanla 140-a çatdırılmalıdır. Ürək döyuntuləri 100-ə çatmalı, tənəffus tezləşməlidir ki, metabolizma sürətlənsin.
  • Medikamentoz mualicə: sadəcə sağlam qidalanma və idmanla insulin dirənci 50-60% hallarda qırırlır. Ancaq, bəzən diabet riski yüksək olan xəstələrdə hüceyrələrin bədəndə olan insulinə qarşı həssaslığını artırmaq üçün dərman müalicəsinə də ehtiyac olur. Qeyd etmək lazımdır ki, bu yalnız həkim tərəfindən təyin olunmalıdır.

Endokrinoloq Dr.Sevinc Ağaqızı