Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Qalxanabənzər Vəzi Xəstəlikləri

Qalxanabənzər vəz (Tiroid vəzi) boyunun ön-orta hissəsində yerləşən, hormon ifraz edən orqandır. Çəkisi 20-30 qr ağırlığında olub boyunun orta xəttinin sağ və solunda yerləşən iki lobdan və bu lobları birləşdirən isthmus adlanan hissədən ibarətdir.

Qalxanabənzər vəzində sintez olunan hormonlar - T3-Triyodtironin ve T4-Tiroksin bədənin enerji mübadiləsini tənzimləyir və başda sinir sistemi olmaqla bütün sistemlərin normal fəaliyyətində mühüm rol oynayır.

Tiroid vəzi xəstəlikləri:

  • Tiroidin funksional pozğunluqları – Hipotiroidi və Hipertiroidi
  • Zob (Guatr) və Tiroid Düyünləri (Nodülləri)
  • Tiroidin iltihabi xəstəlikləri – Tiroiditler (ən çox rastlanan xroniki autoimmun tiroidit-Hashimoto Tiroiditidir)
  • Tiroid Xərçəngi – Papillyar, Follikulyar, Medulyar, Anaplastik olmaqla 4 qrupa bölunur.

Sadalanan xəstıliklərin bir çoxunda tiroidin funksional pozğunluğu - hipotiroidi və ya hipertiroidi müşahidə olunur.

Kimlər risk altındadır?

Tiroid funksiyasının pozulması (hipotiroidi - tiroid vəzinin az hormon ifraz etməsi və hipertiroidi - tiroid vəzinin çox hormon ifraz etməsi) bütün dünyada, xüsusən qadınlar arasında çox yayılmışdır. Qadınların niyə kişilərə nisbətən daha böyük riskə məruz qalmalarının əsas səbəbi məlum deyildir, həmçinin qadınlarda tiroid problemlərinə daha çox rast gəlməklə yanaşı, bu cür problemlər daha erkən yaşda müşahidə olunur. Qadınların həyatındakı müəyyən dövrlər, onları tiroid problemlərinə qarşı daha həssas edir. Bunlara hamiləlik, doğuş və menopoz zamanı meydana gələn hormonal dəyişiklikləri göstərmək olar.

Cinsiyyətinizdən asılı olmayaraq, aşağıda sadalanan durumlarda tiroid funksiyasının pozulması riskiniz artır:

  • Ailənizdə tiroid problemləri varsa (hipotiroidi və hipertiroidi, tiroid xərçəngi)
  • 1-ci tip Diabet kimi autoimmün xəstəliyiniz varsa (hipotiroidi və hipertiroidi)
  • Yaşınız 60-ın üstündədirsə (hipotiroidi və hipertiroidi)
  • Tiroid xəstəliyiniz varsa və ya tiroid əməliyyatı keçirmisinizsə
  • Down və ya Turner sindromunuz varsa (hipotiroidi)
  • Litium istifadə etmisinizsə (hipotiroidi)
  • Dərmanlar vasitəsi ilə həddindən artıq miqdarda yod qəbul etmisinizsə (hipertiroidi və hipotiroidi)
  • Radiasiya müalicəsi və ya boyun bölgəsinə şüalanma (radioterapiya) qəbul etmisinizsə
  • Ağ irq və asiyalılar digər irqlərə nisbətən üç qat daha çox risk altındadır.

Yod Əskikliyinin Təsiri 

Yod çatışmamazlığı dünyada təxminən 1,6 milyard insanın risk altında olduğu və dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. Yod tiroid hormonlarının(Tiroksin-T4 və Triyodtironin-T3) ayrılmaz hissəsidir və bu səbəbdən hipotiroidi və hipertiroidi əmələ gəlməsində vacib rol oynayır. Yod qəbulu çox az olarsa, hipotiroidi, kretinizm və digər yod çatışmazlığı xəstəlikləri inkişaf edə bilər. Digər tərəfdən, həddindən artıq yod qəbulu hipertiroidiyə səbəb ola bilər.

Yod ehtiyacınızı necə qarşılaya bilərsiniz?

Dəniz məhsulları yaxşı bir qaynaqdır. Yodun miqdarı əksər dəniz məhsullarından aşağı olsa da, yumurta, ət və süd məhsulları yod miqdarı baxımından əksər bitki mənşəli qidalardan daha zəngindir. Lakin ölkəmizdə heyvanların yodlaşdırılmış duzla qidalanmadığı üçün bu mənbələrdən əldə edə biləcəyiniz yod məhduddur. Əsas mənbə yodla zənginləşdirilmiş duzdur. Həkiminiz tərəfindən başqa bir göstəriş olmadığı müddətdə yodlu rafinə duz istifadə edin. Qaya duzu və digər duzlar tövsiyə edilmir.

Yod mənbələri:

  • Yodlaşdırılmış süfrə duzu
  • Pendir, Yumurta, Südü, Dondurma, Qatıq
  • Duzlu balıqlar, Qabıqlı dəniz heyvanları, Yosunlar
  • Soya südü, Soya sousu
  • Yod tərkibli multivitaminlər

Yod çatışmazlığının qarşısını almağın ən yaxşı yolu ÜST-nin tövsiyə etdiyi strategiyaya əməl edərək uzun müddət yodlaşdırılmış duzun istifadəsidir. ÜST ürək-damar xəstəliklərinin qarşısını almaq üçün 5 qramdan az duz (gündə təxminən 1 çay qaşığı) qəbul etməyi tövsiyə edir. Lakin təcrübədə gündəlik duz istehlakı 10-14 qramdan az deyil. Buna görə az, lakin mütləq yodlaşdırılmış duz istifadə edilməlidir.

Yod ehtiyacınız nə qədərdir?

Əslində bütün həyatınız boyu cəmi bir çay qaşığı yod insan orqanizmi üçün yetərlidir, ancaq yod uzun müddət orqanizmdə depolana bilmədiyi üçün mütəmadi olaraq az miqdarda qəbul edilməlidir. Gündə 1000 mikrogramdan çox yod qəbul edilərsə, mədə-bağırsaq simptomları, ağızda metal dadı və tiroid problemləri ortaya çıxa bilər.

Gündəlik yod ehtiyacı insanın ömrü boyu dəyişir:

  • Körpələr: (0-59 ay): gündə 90 mikrogram
  • Uşaqlar: (6-12 yaş): gündə 120 mikrogram
  • Uşaqlar: (> 12 yaş): gündə 150 ​​mikrogram
  • Yeniyetmələr və böyüklər: gündə 150 ​​mikrogram
  • Hamiləlik və laktasiya dövründə: gündə 250 mikrogram

Hipotiroidi 

Hipotiroidinin əsas simptomları:

  • Yorğunluq/yuxululuq
  • Soyuğa qarşı dözümsüzlük/üşümə
  • Çəki alımı və arıqlamaqda çətinliklər (ciddi pəhriz və fiziki məşqlərə baxmayaraq)
  • Depressiya
  • Qəbizlik
  • Menstrual pozğunluqlar, sonsuzluq, spontan abortlar
  • Zəif və kövrək saçlar, dırnaqlar və quru dəri
  • Oynaq və ya əzələ problemləri
  • Azalmış libido (cinsi istək)

Müalicə edilməzsə, hipotiroidi daha ciddi fəsadlara və hətta həyati təhlükəyə səbəb ola bilər.

Hipotiroidinin ciddi fəsadlarına aşağıdakılar daxildir:

  • Xəstələrin komaya düşməsinə səbəb ola biləcək qədər zəif metabolizma və ürək döyüntüsü
  • Ürək çatışmamazlığı
  • Həyati təhlükə yarada biləcək şiddətli depressiya
  • Koma

Kimlərdə Hipotiroidi riski vardır?

  • Qadınlar xüsusən hamiləlik, doğuşdan sonrakı dövr və menopoz zamanı hipotiroidi inkişafına daha çox meyllidirlər
  • Yaşlı insanlar
  • Qohumlarında və ya özlərində autoimmun xəstəlikləri olan insanlar
  • 1-ci tip Diabet və ya Vitiligo kimi autoimmun xəstəlikləri olan insanlar
  • Manik depressiyası olan və Litium istifadə edən insanlar
  • Boyun nahiyəsinə radiasiya terapiyası almış və ya tiroid əməliyyatı keçirmiş xəstələr
  • Ağ irq və Asiya populyasiyaları

Tiroid disfunksiyası sadə bir qan testi ilə təsdiqlənə bilər, qanda tiroid stimullaşdırıcı hormon (TSH) və tiroid hormonlarının (Sərbəst T3 və Sərbəst T4) səviyyəsi həkim tərəfindən dəyərləndirilir.

Hipotiroidi necə müalicə olunur?

Tiroid disfunksiyasının müalicəsi yüksək effektiv bir müalicədir. Müalicənin məqsədi bədəndə çatışmayan tiroid hormonlarını bir ömür boyu əvəz etməkdir, çünki hipotiroidi zamanı vəzin sağalması ümumiyyətlə mümkün olmur, yəni bu geridönüşsuz bir haldır. Bununla yanaşı gündəlik uyğun dozada alınan dərman xəstələrə simptomsuz bir həyat sürməyə imkan verir. Əgər sizə hipotiroidi diaqnozu qoyulubsa, müalicə bir ömür boyu davam edəcək və simptomlarınız nəzarətdə olsa belə gündəlik dərman qəbul edilməlisiniz. Tiroid hormon dərmanları səhər acqarnına qəbul olunmalı, onunla yanaşı heç bir dərman istifadə edilməməli və dərman qəbul etdikdən sonra ən azı 30 dəqiqə ərzində yemək yeyilməməlidir. Müxtəlif vəziyyətlərdə müalicə dozası dəyişə bilər. Doza uyğunluğu vəziyyətdən asılı olaraq ən azı 6 aydan bir TSH və ST4 ölçülməsi ilə qiymətləndirilməlidir. Vəziyyətinizdə hər hansı bir dəyişiklik olarsa və ya müalicəyə yeni başlamısınızsa, hormon səviyyəsi daha tez-tez ölçülə bilər.

Hipertiroidi

Hipertiroidi tiroid vəzinin həddindən artıq işləməsi, qana lazımi miqdardan daha çox tiroid hormonu istehsal etməsi və nəticədə bədənin metabolizmasının sürətlənməsidir. Hipertiroidi müxtəlif səbəblərdən yarana bilər. Nəsildən-nəslə ötürülməyə meyilli olan forması Graves xəstəliyi əsasən gənc, orta yaşlı qadınlarda olur. Həmçinin həddindən artıq və avtonom fəaliyyət göstərən düyünlər, bəzi keçici tiroidin iltihabi xəstəlikləri də qanda tiroid hormonlarını artıra bilər.

Hipertiroidinin əsas simptomları:

  • Çarpıntılar, yüksək ürək döyüntüləri (dəqiqədə 90-100-dən çox döyüntü)
  • Əsəbilik və/və ya tez hirslənmə
  • Əllərdə titrəmə
  • Tərləmənin çoxalması
  • Daha az və daha seyrək görülən menstruasiya
  • Qidalanmada dəyişiklik olmadan və ya daha çox yeməyə baxmayaraq çəki itgisi
  • Xaricə doğru qabariq–bərəlmiş gözlər (Graves xəstəliyi üçün tipikdir)
  • Tez-tez, lakin mülayim defekasiya
  • İncə, kövrək saçlar
  • Yumşaq, nazik və nəm dəri
  • Xüsusi ilə qolların yuxarı hissəsində, budda və ayaqlarda əzələ zəifliyi

Kimlər risk altındadır?

  • Ailələrində hipertiroidi olan insanlar
  • Qadınlar
  • Yaxın zamanlarda hamilə qalan, yeni doğmuş qadınlar (ilk 6 ay-1 il)
  • Autoimmün xəstəlikləri olan insanlar (1-ci tip Diabet, Vitiligo)
  • Həddən artıq tiroid hormonu qəbul edən insanlar
  • Yod qəbul edən insanlar (ürək ritminin pozulmasına qarşı istifadə olunan yodlu dərmanlar)
  • Tiroid hormonları ilə qarşılıqlı təsir göstərən yod tərkibli dərmanlar qəbul edən xəstələr
  • Siqaret çəkən insanlar

Hipertiroidi simptomlarının müalicə olunması vacibdir, çünki bu ciddi fəsadlara səbəb ola bilər. Müalicə olunmayan xəstəlik ürək ritminin pozulmasına (ürək əzələlərinin qeyri-müntəzəm sürətdə yığılması), qan təzyiqinin artmasına, insulta və ya ürək çatışmazlığına səbəb ola bilər. Həmçinin menopoz dövrü qadınlarında hipertiroidi osteoporoz (sümük əriməsi) və sümük qırılması riskini artırır. Yalnız hipertiroidi diaqnozunu təstiq etmək üçün simptomlarla yanaşı fiziki müayinə və qan analizi də tələb olunur. Qan testi zamanı TSH dəyəri çox aşağı, ST4 ve ST3 dəyırləri yüksəlmiş olur.

Hipertiroidi necə müalicə olunur?

Həkiminiz hipertiroidinin növünə, yaşınıza, sağlamlığınıza və tiroid vəzinizin necə işlədiyinə əsaslanaraq sizin üçün ən uyğun müalicəni təyin edəcəkdir. Antitroid dərmanlar tiroid vəzisinin tiroid hormonları istehsal etməsinə mane olur. Alternativ müalicə olaraq radioaktiv yod istifadə edilə bilər və ya tiroid vəzisinin bir hissəsi və ya bütöv şəkildə cərrahi yolla çıxarıla bilər. 1,7 Beta -bloker dərmanları tiroid hormonlarının yüksək olduğu bütün durumlarda ürək döyüntülərini və digər simptomları azaltdığı üçün köməkçi vasitə kimi istifadə edilə olunur.

Zob və Düyünlər

Qidalanmada yod çatışmamazlığı bütün dünyada tiroid böyüməsinin bir nömrəli səbəbidir ("guatr" kimi tanınır). Zob-yod çatışmamazlığını və bu səbədən yetərsiz tiroid hormonu istehsalını kompensasiya etməyə çalışdıqda əmələ gəlir. Bu müddətdə tiroid vəzisinin normal ölçüsü tədricən artır, zamanla böyüyür və nodüllər (düyünlər) əmələ gəlir. Qalxanabənzər vəzisi həddən artıq böyüyən şəxslər udma və nəfəsalmada problemlərlə qarşılaşa bilər. 

Diaqnoz və Müalicə

Həkimin əllə müayinəsindən sonra qanda TSH səviyyəsini təyin etmək üçün qan nümunəsi götürülür. Bu hormon, tiroid vəzisinin normal işləməsinin göstəricisidir. Düyün və tiroid vəzisinin ölçüsü ultrasəs müayinəsi ilə müəyyən edilir. Bu müayinə səs dalğaları ilə həyata keçirildiyi üçün tamamilə ağrısız və zərərsizdir. Düyünlərin müayinəsində istifadə olunan digər üsullar incə iynə biopsiyası və bəzi hallarda istifadə olunan sintiqrafiyasıdır. Tiroid incə iynə aspirasyon biyopsiyası (İİAB) etibarlı bir müayinə metodudur və bir düyünün xoş və ya bədxassəli olduğunu müəyyənləşdirmək üçün tatbiq olunur. Ciddi ağrı və yan təsirləri yoxdur, nodül xərçənglidirsə, yayılmasına səbəb olmur. Əməliyyat planlaşdırılırsa belə, əvvəlcə biopsiya etmək cərrahın düzgün cərrahi yanaşma seçməsi üçün və nəyi əməliyyat etdiyini bilməsi üçün lazımdır. Tiroid düyünlərinin sintiqrafiyası yalnız qanda TSH səviyyəsi çox aşağı olduqda və düyün 1.5 sm-dən böyük olduqda tələb oluna bilər. Aşkarlanan nodüllər "isti", "ilıq" və ya "soyuq" kimi təsnif edilir. Düyün  radioaktiv maddəni tutmursa "soyuq" görünür. Maddəni tutanlar daha tünd görünür və "isti" adlandırılır. Nodüllərin təxminən 85% -i soyuq, 10% -i iliq, 5% -i isti olur. Soyuq nodüllərin 85%, iliq nodüllərin 90% və isti düyünlərin 99% -i xoşxassəlidir (xərçəng deyil). Beləliklə, düyünün "soyuq" olması onun bədxassəli olduğunu gotərməz və təkbaşına əməliyyata göstəriş deyildir.

 Zob və düyünlər necə müalicə olunur?

Bir çox zob və düyünlər müalicə tələb etmir. Növü və ölçüsündən asılı olaraq onların böyüməsi müntəzəm olaraq müşahidə altında saxlanılır. Müalicə tələb olunarsa, üç müalicə metodu vardır: dərman müalicəsi, radioaktiv yod müalicəsi, tiroid əməliyyatı. Müalicə seçimi hər bir xəstənin diaqnozuna əsaslanır. Müalicənin əsas məqsədi bədxassəli olan, ətrafdakı toxumalara həcmi ilə təzyiq edən və ya aşırı hormon ifraz edərək hipertiroidiyə səbəb olan vəzin və/və ya düyünlərin müalicəsidir.

Endokrinoloq Dr.Sevinc Ağaqızı