Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Qalxanabənzər Vəzi Xərçəngi

Tiroid Xərçəngi

Tiroid xərçəngi düzgün diaqnoz və müalicə tətbiq edildikdə uğurla müalicə olunan bir xəstəlikdir. Tiroid xərçəngi, yumurtalıq xərçəngindən sonra ən çox rast gəlinən endokrin xərçəngdir. Tiroid xərçəngi bütün xərçəng hadisələrinin 1%-dən azını təşkil edir. Uşaqlarda nadir olsa da, 20 yaşdan sonra görülən xərçənglər arasında ilk 5-likdədir. Tiroid düyünləri kişilərə nisbətən qadınlarda daha çox rast gəlinir, ancaq kişilərdə olan düyünlərdə xərçəng əmələ gəlmə riski qadınlara nisbətən daha yüksəkdir.

Tiroid xərçənginin növləri:

Tiroid xərçəngi xəstənin yaşına, xərçəngin növünə, ölçüsünə və yayılma meylini təyin edən patoloji tipinə görə təsnif edilir. Tiroid xərçənginin dörd əsas növü var:

  • Papillyar tiroid xərçəngi

Ən çox yayılmış növüdür. Tiroid xərçəngi hallarının 80-90%-ni təşkil edir və hər yaşda əmələ gələ bilər. Boyundakı limfa düyünlərinə yayılmağa meyilli, yavaş böyüyən bir şişdir.

  • Follikulyar tiroid xərçəngi

Bütün tiroid xərçənglərinin 5-10%-ni təşkil edir. Yavaş böyüyür və limfa düyünlərinə,həmçinin qan dövranı vasitəsi ilə daha uzaq toxumalara, o cümlədən sümüklərə və ağciyərə yayıla bilir.

  • Medullyar tiroid xərçəngi

Tiroid xərçənglərinin təxminən 2%-ni təşkil edir və adətən kalsitonin səviyyəsinin çox yüksək olması ilə özünü göstərir. Yavaş-yavaş böyüyür və bəzi formaları (xəstələrin təxminən 25%-də) genetik olaraq nəsildən-nəslə ötürülür. Buna görə medullyar tiroid xərçəngi olan bir xəstə genetik mutasiya testindən keçərək yoxıanmalıdır. Əgər xəstə genetik daşıyıcıdırsa, bütün 1-ci dərəcəli ailə üzvləri də test edilməlidir. Bütün ailə üzvlərinin müayinəsi son dərəcə vacibdir.

  • Anaplastik tiroid xərçəngi

2% -dən az hallarda rast gəlinən, ən az yayılan tiroid xərçənginin növüdür. Tez böyüyən, sürətlə yayılan şişdir və müalicəsi çətindir.

Tiroid xərçəngi diaqnoz necə qoyulur?

Tiroid xərçəngi bir çox hallarda simptomlar vermədən kütlələr və ya düyünlər şəklində inkişaf edir. Düyünlər çox vaxt digər səbəblərə görə edilən KT(Kompüter Tomoqrafiyası) və ya ultrasəs müayinəsi zamanı təsadüfən aşkarlanır. Ümumiyyətlə isə tiroid müayinəsi tiroid ultrasəs müayinəsi ilə aparılır, aşkarlanan düyünlər və ya kütlələr dəyərləndirilir və incə iynə aspirasiya biopsiyası(İİAB) ilə alınan toxuma nümunəsinin mikroskopik müayinəsi nəticəsində xərçəng varsa, diaqnoz qoyulur və xərçəngin növü göstərilir.

Tiroid xərçənginin müalicəsi

Tiroid xərçənginin bütün növlərinin ilkin müalicəsi tiroid vəzinin yarısının və ya hamısının əməliyyatla çıxarılmasıdır. Əgər şiş boyundakı limfa düyünlərinə yayılıbsa, əməliyyat zamanı həmin limfa düyünləri də çıxarılmalıdır. Tiroid vəzi tam çıxarıldığı zaman əvəzləyici tiroid hormon müalicəsi təyin olunur. Şişiniz böyükdürsə və ya digər toxumalara yayılıbsa, həkiminiz əməliyyatdan sonra radioaktiv yod (RAI) müalicəsini tövsiyə edəcəkdir. RAI, qalan və həmçinin uzaq toxumalara yayılmış xərçəng hüceyrələrini öldürəcəkdir. Sizi bu müalicəyə hazırlamaq üçün  levotiroksin mualicəsi dayandırılır və ya sizə TSH inyeksiyasi təyin olunur. Beləliklə qanınızdakı TSH səviyyəsi yüksəkdirilərək siz hipotiroidi vəziyyətinə gətirilirsiniz. Çünki bədəninizdə yod nə qədər az olarsa, bu müalicə bir o qədər təsirli olur. Bu müalicənin potensial risklərini və faydalarını necə tarazlaşdıracağınızı və sizin durumunuzda zəruri olub-olmadığını həkiminizlə müzakirə etməlisiniz.

Əvəzləyici hormon müalicəsi radioaktiv yod (RAI) terapiyasından dərhal sonra başlanmalıdır. Xəstəliyinizin riski və mərhələsindən asılı olaraq, ilk bir neçə il ərzində bir qədər yüksək dozada dərman istifadə etməli ola bilərsiz. Bu halda dərmanın dozasını yalnız endokrinoloqunuz tənzimləməlidir və endokrinoloqun xəbəri olmadan dərmanın dozası azaldılmamalıdır.

Qalxanabənzər vəzi xərçənginin gecikmiş mərhələlərində olan xəstələrdə əməliyyat və RAI müalicəsi effektli olmadıqda, həkiminiz radiasiya terapiyası, kimyaterapiya və ya hər ikisini birlikdə tövsiyə edə bilər.

Tiroid xərçənginin izlənməsi

Uğurlu müalicədən sonra xərçəngin təkrarlanmamasından əmin olmaq üçün periodik müayinələr tələb olunur. Bu kontrollar boyun nahiyyəsinin fiziki müayinəsi, ultrasəs müayinəsi və qan analizlərini əhatə edəcəkdir.

Qan testləri lazımi miqdarda tiroksin qəbul edib-etmədiyinizi göstərəcək, həmçinin tiroglobulin və ya kalsitonin varlığını müəyyənləşdirəcəkdir. Tiroid vəzinin əməliyyatla çıxarılması və RAI müalicəsi aparıldıqdan sonra bədəniniz artıq tiroglobulin zülalını (yalnız tiroid vəzində sintez olunan bir proteindir) istehsal etməyəcəkdir. Əgər qan testində bu zulal aşkar edilərsə, tiroid xərçənginizin təkrarlanma ehtimalı var deməkdir.

 Endokrinoloq Dr.Sevinc Ağaqızı