Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Tüklənmə

Qadınlarda Kişi Tipli Tüklənmə

Qadınlarda və gənc qızlarda tüklənmə olduqca önəmli və aktual problemdir. Bu problemi aradan qaldırmaq üçün ilk olaraq qadında tüklənmənin patolojik - yəni hər hansı bir xəstəliklə əlaqəli olub-olmadığını araşdırmaq lazımdır.

Ümumiyyətlə insan bədənində 5 milyon tük follikulu vardır. Bunların 100 minə qədəri baş dərisində olur. Dodaqlar, əllərin içi, ayaqların altından başqa bütün vücüd tüklərlə örtulmüşdür. Doğulduqdan sonra çox az sayda yeni tük follikulu əmələ gəlir, 40 yaşından etibarən isə tük follikullarının miqdarı azalmağa başlayır.

Struktur olaraq 3 növ tük vardır:

  • Lanugo tüklər - dölün bədənini əhatə edən piqmentsiz, yumşaq tüklərdir və doğulduqdan sonrakı ilk aylarda yox olurlar.
  • Vellus tüklər - lanugo tüklərdən daha uzun, piqmentsiz, nazik, yumuşaq və bədəndə androgenə həssas olmayan bölgələrdə görülən tüklərdir.
  • Terminal tüklər - uzun, piqmentli tüklərdir.

Hirsutizm - androgenə həssas bölgələrdə piqmentsiz, nazik, yumşaq vellus tüklərinin qalın, piqmentli terminal tüklərə çevrilməsidir. Hirsutism androgen yüksəkliyinin yeganə əlaməti ola bilər və ya sızanaqlar, androgenik alopesiya (kişi tipli keçəllik) və s. əlamətlərlə bərabər müşahidə oluna bilər.

Hirsutizmi adrogen yüksəlişi ilə əlaqəli olmayan hipertrixozdan ayırmaq lazımdır. Hipertrixoz çox hallarda genetik olub, bədənin hər yerində eyni dərəcədə olan tüklənmədir və bu tüklərin narın-yumuşaq olması ilə xarakterizə olunur.

Normalda da qadın orqanizmasında kişi hormonları vardır və estrogenlərərin sintezi üçün vacibdir. Androgen adı altında bir neçə hormon birləşir, bunlardan Testesteron - yumurtalıqlarda, DHEA-S - böyrəküstü vəzidə, Androstenedion isə həm böyrəküstü vəzidə, həm də yumurtalıqlarda ifraz olunur. Qanda anderogenlərin miqdarı normal səviyyədən çox olduqda bu vəziyyət hiperandrogenemiya adlanır və reproduktiv dönəmdə olan qadınlarda çox geniş yayılmış bir haldır. Hiperandrogenemik vəziyyətin səbəbi - androgenlərin sintezinin artması, onların estrogenə çevrilməsinin azalması və ya hər ikisi eyni zamanda olmasıdır. 

Hiperadrogenemiyanın aşağıdakı klinik əlamətləri vardır:

  • Hirsutizm - Qadınlarda kişi tipli tüklənmə, normalda nəzərə çarpacaq tüklər olmayan, androgenə həssas bölgələrdə - dodaqüstü nahiyə, çənə, sinə, göbək ətrafı, kürək, bazu və bud nahiyəsində sərt, tünd rəngli və qalın tüklərin artmasıdır. Hirsutizm diaqnozu ve dərəcəsi Ferriman–Gallwey skorlama sisteminə əsasən dəyərləndirilir.
  • Akne, sivilcələr - Xüsusi ilə 20 yaşınadək dəvam edən sivilcələr-sızanaqlar varsa, kişi hormonu artıqlığından şübhələnmək lazımdır.
  • Androgenik allopesi – Qadınlarda kişilərdə olduğu kimi alın nahiyyəsində saç tökülməsinə kişi tipli keçəllik deyilir.
  • Ovulyator disfunksiya - İl əzrində 9-dan az aybaşı görulməsindən sonsuzluğa kimi müxtəlif formada menstrual pozğunluq müşahidə oluna bilər.
  • Ağır hallarda isə virilizim - Androgen səviyyəsi çox yüksək olan qadınlarda səsin qalınlaşması, kliteromeqaliya, kişi tipli keçəllik, kişi tipli əzələ quruluşu, amenoreya və süd vəzisinin atrofiyası kimi əlamətlər müşahidə olunur.

Ümumiyyətlə kişi hormonlarının artması böyrəküstü vəz və yumurtalıqlarla əlaqəli olur. Həmçinin bəzi dərmanlar və piylənmə də kişi hormonunun artmasına səbəb ola bilir.

Müalicə altda yatan səbəbə və hirsutizmin dərəcəsinə görə xəstədən xəstəyə fərqlənir. Hirsutizmin müalicəsində dərman müalicəsi ilə yanaşı təraş, mum və lazer epilasiyası kimi lokal prosedurlar da tətbiq oluna bilər.

Endokrinoloq Dr.Sevinc Ağaqızı