Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Prolaktin Yüksəkliyi

Prolaktin Yüksəkliyi

Hipofiz vəzi beyinin alt hissəsində yerləşən, 0,5 qr ağırlığında olub müxtəlif hormonlar depolayan və sintez edən endokrin orqandır. Hipofiz ön və arxa paylardan ibarətdir.

Arxa paydan Hipotalamusda sintez olunub, Hipofizin arxa payında depolanan 2 hormon ifraz olunur:

  • Vasopressin (Antidiüretik Hormon ADH)
  • Oksitosin 

Ön payda isə aşağıdakı hormonlar sintez olunur:

  • Böyümə Hormonu (GH)
  • Prolaktin (PRL)
  • Melanosit Stimuləedici Hormon (MSH)
  • Qonadotropik Hormonlar (LH və FSH)
  • Adrenokortikotropik Hormon (ACTH)
  • Tiroid Stimuləedici Hormon (TSH)

Bu yazımızda hipofiz vəzi hormonlarından olan Prolaktin hormonu haqqında danışacayıq.

Prolaktinin sintezi hipotalamusla əlaqəlidir və dopamin hormonunun tormozlayıcı təsiri altındadır. Estrogen hormonu isə əksinə prolaktin sekresiyasını stimulyasiya edir, prolaktin səviyyəsini artıraraq süd vəzilərinin inkişafını və böyüməsini, həmçinin hamiləlik dövründə laktasiyanı stimülə edir. Hamiləliyin doğum ilə sona çatmasından sonra prolaktin hormonu süd ifrazını təmin edir və artırır. Oksitosin hormonu isə südün süd vəzisindən çıxmasını təmin edir. Körpə hər dəfə ana südü ilə əmizdirildikdə, prolaktin səviyyəsi artır və süd istehsalı stimulyasiya olunur. Ana doğumdan sonra körpəsini əmizdirmirsə, prolaktin səviyyəsi getdikcə azalır. Lakin bu hormonun qandakı səviyyəsi yalnızca hamiləlik və laktasiya dövründə artmır. Yuxu, idman, zehni və fiziki stress, süd vəzi stimulyasıyası, cinsi əlaqə, yüksək proteinli diyeta da qanda prolaktin səviyyəsinin müəyyən dərəcədə artmasına səbəb ola bilər.

Hiperprolaktinemiya nədir və nədən baş verir?

Qanda prolaktin hormonunun səviyyəsi müəyyən səbəblərə görə yüksələ bilər. Prolaktin hormonunun miqdarının yüksək olması Hiperprolaktinemiya adlanır. Hiperprolaktinemiyanın başlıca səbəbləri aşağıdakılardır:

  • Hipofiz vəzində olan adenomalar və Hipofiz vəzinin travması
  • Yumurtalıqların Polikistozu Sindromu (PCOS)
  • Tiroid hormonu ilə bağlı struktur və funksional pozğunluqlar
  • Xroniki böyrək çatışmamazlığı və ya sirozun olması
  • Dopamin hormonunun çatışmamazlığı
  • Estrogen hormonunun həddindən artıq ifrazı
  • Həddindən artıq protein istifadəsi
  • Uzun müddət davam edən stress
  • Süd vəziləırinin stimulyasiyasi və süd vəzilərinə vurulan ağır zərbə nəticəsində yüksələ bilər
  • Oral kontaseptiflər (OKS), estrogen tərkibli dərmanlar, anti-depressantlar və hipertoniya müalicəsində istifadə olunan bəzi dərmanlar

Makroprolaktin nədir?

Bəzən prolaktin molekulunun strukturunda baş verən dəyişikliklər nəticəsində prolaktin səviyyəsi yüksək olur, lakin bu yüksəklik heç bir xəstəliyin varlığına dəlalət etmir. Makroprolaktinin molekulyar çəkisi böyük olduğundan, damar divarından keçə bilmir və buna görə də bioloji cəhətdən aktiv deyildir. Qanda Makroprolaktinin (böyük prolaktin)olması "makroprolaktinemiya" adlanır. Yüksək serum prolaktin səviyyəsi olan, lakin hiperprolaktinemiyanın heç bir klinik əlaməti müşahidə olunmayan xəstələrdə mütləq makroprolaktin yoxlanılmalıdır. Bu hallarda makroprolaktin (+) aşkar edildikdə, nə başqa bir müayinəyə nə də müalicə ehtiyac qalmır.

Prolaktinoma nədir?

Prolaktinoma - prolaktinin ifraz edən, qanda prolaktinin səviyyəsinin yüksəlməsinə səbəb olan Hipofiz şişidir (törəmə). Prolaktinomların demək olar ki, hamısı xoşxassəlidir, yəni xərçəng deyildir. Cəmiyyətdəki rast gəlmə tezliyi 1/10 000-dir. Daha çox qadınlarda görülür. Prolaktinomalar adətən kiçik ölçüdə olur və böyüməyə meyilli deyildir, lakin nadir hallarda bəzi prolaktinomalar nəhəng ölçülərə çata bilir.

Hipofiz şişinin (adenomanın) ölçüsü <10 mm olduğu təqdirdə mikroadenoma (mikroprolaktinoma), ≥10 mm olduqda isə makroadenom (makroprolaktinoma) adlanır. Qadınlarda mikroadenoma, kişilərdə isə makroadenoma daha sıx rast gəlinir.

Hiperprolaktinemiyanın əlamətləri və simptomları nələrdir?

Prolaktin hormonunun artması müxtəlif əlamətlər və simptomlar verir. Bu əlamətlər və simptomlar şəxsdən şəxsə dəyişə bilər. Bu xəstəliyin əlamətləri başqa bir xəstəliyə də aid olma ehtimalını da unutmayın. Buna gorə də dəqiq diaqnoz və müalicə həkim tərəfindən təyin olunmalıdır.

Hiperprolaktinemiyanın əlamətlərini aşağıdakı kimi sıralaya bilərik:  

 

  • Qadınlarda menstrual disfunksiya, yəni az, seyrək və ləkə şəklində menstruasiyanın görülməsi
  • Menstruasiya müntəzəm olsa da, sonsuzluq probleminin olması
  • Doğum və hamiləlik olmadıgı halda süd vəzilərindən südün gəlməsi (qalaktoreyya)
  • Qadınlarda tüklənmə (hirsutizm)
  • Kişilərdə testosteron və gonadotropik hormonların miqdarının aşağı olması
  • Kişilərdə sonsuzluq və impotensiya
  • Kişilərdə ginekomastiya (süd vəzilərinin böyüməsi) və oliqospermiya
  • Hər iki cinsdə libidonun zəifləməsi
  • Çəkinin artması
  • Depressiya
  • Estrogen və testosteron səviyyəsinin aşağı olması kişilərdə və qadınlarda sümük sıxlığının azalmasına, sümük əriməsinə və qırıqlara səbəb ola bilər
  • Qadınlarda prolaktinomların əksəriyyəti kiçik olduğundan baş ağrısı, görmə sahəsinin daralması, hidrosefaliya kimi şişin ətraf toxumalara təzyiqi nəticəsində ortaya çıxan əlamətlər az olur, kişilərdə isə əksinə böyük olçülü adenomalar daha çox olduğundan baş ağrısı və görmə sinirinə (optik sinirə) olan təzyiq nəticəsində ortaya çıxan görmə sahəsi defektleri daha çox müşahidə olunur.

Hiperprolaktinemiya diaqnozu necə qoyulur?

Prolaktin hormonunun qiymətləndirilməsi səhər ac qarnına edilən qan testi ilə həyata keçirilir. Prolaktinin normal referans aralığı 5-20 ng/ml-dir. Qadınlarda bu dəyər bir az yuksək olsa da 25 ng/ml altındadır. Serum prolaktin səviyyəsi 200 ng/ml-dən yuxarı olduqda, hipofiz şişləri (prolaktinomalar) araşdırılır. Maqnit Rezonansı Tomoqrafiya (MRT) edilərək əyər varsa adenoma aşkarlanır, şişinin görmə sinirinə və ətrafındakı damar strukturlarına təsir edəcəyi bir ölçüdə olub-olmadığı müeyyen olunur. Kiçik şişlər bu metodla aşkarlana bilmədiyi təqdirdə, 6 aylıq ara ilə prolaktin səviyyəsi ölçülür və ildə 1 dəfə görüntüləmə metodu ilə xəstə nəzarət altında saxlanılır.

Hiperprolaktinemiyanın Müalicəsi

Prolaktinin səviyyəsinin yüksəlməsi prolaktinomdan başqa hər hansı bir səbəbə bağlıdırsa, müalicə bu səbəbin aradan qaldırılmasıdır. Prolaktinomların müalicəsi isə cərrahi və dərman müalicəsi ilə həyata keçirilir. Müalicəyə ilk olaraq dərman vasitəsi ilə başlanılır. Bu dərmanların bır sıra əlavə təsirləri (ürəkbulanma, təzyiq düşməsi, halsızlıq, nadir hallarda depressiya, qəbizlik və.s.) vardır və bu təsirləri aradan qaldırmaq üçün həkim tərəfindən dərmanın dozası yavaş-yavaş artırılır. Dərman müalicəsinin təsirindən həm prolaktin səviyyəsi düşür, həm də adenomun ölcüsü kiçilir. Müalicənin uzun müddət davam etdirilməsinə baxmayaraq, prolaktin səviyyəsi hələ də normala düşmursə, xəstədə dərmanlara dirənc varsa, xəstə hər hansı bir səbəbdən dərmanı qəbul edə bilmirsə və ya adenomanın ölşüsü getdikcə böyüyürsə cərrahi müalicə tətbiq olunur.

Endokrinoloq Dr.Sevinc Ağaqızı