Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Hipotireoz

Hipotireoz

Qalxanabənzər vəz (Tiroid vəzi) boyunun ön-orta hissəsində yerləşən, hormon ifraz edən orqandır. Çəkisi 20-30 qr ağırlığında olub boyunun orta xəttinin sağ və solunda yerləşən iki lobdan və bu lobları birləşdirən isthmus adlanan hissədən ibarətdir.

Qalxanabənzər vəzində sintez olunan hormonlar - T3 (triiodotironin) və T4 (tiroksin) bədənin enerji mübadiləsini tənzimləyir və başda sinir sistemi olmaqla bütün sistemlərin normal fəaliyyətində mühüm rol oynayırlar.

Bu yazımızda tirod vəzi xəstəlikləri arasında en geniş yayılmış hal olan Hipotireoz haqqında məlumat veriləcəkdir. Tiroid hormonlarının normadan az ifraz olunması hipotireoza səbəb olur.

Tiroid vəzinin kifayyət qədər işləyib-işləməməsi beyində yerləşən Hipofiz vəzi tərəfindən ifraz olunan TSH (Thyroid Stimulating Hormone) - Tireotrop hormonunun dəyərlərinə əsasən müəyyən edilir. TSH Tiroid vəzinə təsir gostərərək tiroid hormonlarının ifrazını tənzimləyir. Tiroid vəzi az çalışdığında, hipofizdə TSH ifrazı artır. Gərəkli miqdarda tiroid hormonu ifraz olunmadıqda, hipotireoz meydana gəlir, toxumalara yetərincə tiroid hormonu catmır və təbii olaraq metabolizma da yavaşlayır.

Hipotireoz körpə və uşaqlarda, böyümə və inkişaf geriliyinə səbəb ola bilər. Müalicə gecikərsə, hipotireozdan qaynaqlanan zəka geriliyinin düzəlmə şansı çox az olur.

Yetkin şəxslərdə isə, maddələr mübadiləsində ümumi yavaşlama müşahidə olunur. Lakin yetişkin fərdlərdə hipotireoz halı tiroid hormon müalicəsi ilə aradan qalxır.

Hipotireozun Növləri

Səbəblərinə görə:

  • Birincili Hipotireoz (Primer) - Tiroid vəzinin yetərincə tiroid hormonu sintez edə bilməməsi nəticəsində yaranır.
  • İkincili Hipotireoz (Sekonder) - Hipofizdə sintez olunan TSH (Thyroid Stimulating Hormone) çatışmamazlığına bağlı yaranır.
  • Üçüncülü Hipotireoz (Tersiyer) - Hipotalamusda sintez olunan TRH (Thyrotropin Releasing Hormone) çatışmamazlığına bağlı əmələ gəlir.

Tiroid Hormonları və TSH səviyyəsinə görə:

  • Subklinik Hipotireoz
  • Aşkar Hipotireoz

Hormonların Diaqnostik Dəyərləri:

Tiroid vəzinin yetərli hormon sintez edib etməməsi T3, T4 TSH testlərinə əsasən qiymətləndirilir. Tiroid vəzinə qarşı sintez olunan antikorlar (anticisimlər) Anti-TPO (Antipersoksidaz) və Anti-TG (Antitiroglobulin) isə diaqnostik testlərdir. Dünyada və ölkəmizdə skrininq testi olaraq TSH testi istifadə edilir.

TSH normal dəyəri: 

  • 0.35-4.5 mU/mL (yaşa görə qanda TSH səviyyəsinin yuxarı həddi 20-29 yaş üçün 3.5 mU/mL, 50-70 yaş arası 4.5 mU/mL, 80 yaş üzəri isə 7.5 mU/mL-dir)

Hamiləlikdə TSH normal dəyər aralığı:

  • birinci trimestrdə 0,1 – 2.5 mU/mL,
  • ikinci trimestrdə 0,2 – 3.0 mU/mL,
  • üçüncü trimestrdə 0,3 – 3.0 mU/mL

Subklinik hipotireozda - TSH >4.5 mU/mL T3, T4 normal

Aşkar hipotireoz - TSH >10 mU/mL T4 və/və ya T3 aşağı

Miksödem koması - TSH >10 mU/mL, T3, T4 aşağı və orqan çatmamazlığı

Subklinik Hipotireoz - T3, T4 səviyyələrinin normal, TSH səviyyəsinin yüksək (>4,5 mU/mL), hipotireozun klinik əlamətlərinin isə olmadığı durumdur.

  • Yüngül subklinik hipotireoz: TSH: 4,5-10 mU/mL
  • Ağır subklinik hipotireoz: TSH >10 mU/mL

Hipotireozun Simptomları

Yeni Doğulmuşlarda

Anadangəlmə hipotireozla əlaqədar olaraq körpələrdə zəka geriliyi, boy qısalığı, üz və əllərdə şişkinlik, çox zaman karlıq, lallıq və digər sinir sistemi əlamətlərindən ibarət vəziyyətə Kretinizm adı verilmişdir. Doğulduqdan sonra 1-ci ay ərzində diaqnoz qoyulub, müalicəyə başlanılmazsa, müalicə gecikərsə, yaranmış əlamətləri xüsusilə də zehni geriliyi bərpa etmək olmur. Yeni doğulmuşlarda simptomlara əsasən hipotireoz diaqnozunun qoyulması çətin olduğundan, inkişaf etmiş ölkələrdə doğuşun 3-cü gündən 7-ci günədək uşağın serum TSH səviyyəsi yoxlanılır və TSH 10 mU/mL-dən yüksək çıxarsa, körpələrdə hipotireoz diaqnozu təsdiqlənir.

Uşaqlarda

Uşaqlarda hipotireoz 18 ayından sonra əmələ gəldiyi təqdirdə, yalnız fiziki inkişafa təsir edir. Bu müddətdə meydana gələn əqli gerilik müalicə ilə bərpa olunur.

 Yetgin şəxslərdə

  • Halsızlıq, yorğunluq
  • Üşümə, titrəmə və soyuğa qarşı dözümsüzlük
  • Səsin qalınlaşması (boğuq səs)
  • Şişkinlik (əllərdə, üzdə və gözlərin ətrafında)
  • Qəbizlik
  • Dəridə quruluq
  • Saçların tökülməsi, dırnaqların qırılması
  • Yuxu pozğunluğu və depressiya
  • Qadınlarda menstrual düzənsizlik
  • Çəki artımı
  • Konsentrasiya pozğunluğu və yaddaş zəifliyi
  • Anemiya, B12 vitamini çatışmamazlığı
  • Daha az tərləmə

Hipotireozun Əmələ Gəlmə Səbəbləri

Hipotireozun ən böyük risk faktorlarından biri ailə üzvlərində tiroid xəstəliklərinin olmasıdır. Bundan əlavə, immun sisteminin tiroid vəzinə qarşı antikorların sintez etməsi və tiroid toxumasını sıradan çıxarması da hipotireozun ən böyük səbəblərindən biridir. Birincili Hipotireoz hallarının təxminən 50% -nin əmələ gəlmə səbəbi xroniki tiroiditdir (Hashimoto Tiroiditi). Bu diaqnozu təsdiqləmək üçün antipersoksidaz (anti-TPO) və antitiroglobulin (anti-TG) antikor səviyyələrini ölçmək lazımdır. Anti-TPO xroniki tiroiditin diaqnostikasında daha həssas və spesifikdir.

Hipotireoza səbəb olan digər əhəmiyyətli səbəblər isə aşağıdakılardır:

Birincili Hipotireoz

  • Zəhərli Zob (Hipertireoz) müalicəsi nəticəsində tiroid toxumasının məhv olması
  • Fərqli səbəblərdən tiroid vəzinin bütov və ya bir hissəsinin əməliyyat edərək çıxarılması
  • Ağır yod çatışmamazlığı və ya artıqlığı
  • Doğuşdan tiroid vəzinin olmaması və ya tiroid hormonlarının sintezində qüsurların olması
  • RAI(radioaktiv yod) və ya boyun nahiyəsinə radiasiya(şüa) müalicəsinin tətbiq olunması

Mərkəzi Hipotireoz (Sekonder, Tersiyer)

  • Hipofizar və ya hipotalamik bölgə şişləri (kraniofarengioma və s.)
  • Baş beyinin iltihabi xəstəliklər (lenfositik, granülomatoz)
  • Hemoragik nekroz (Sheehan sindromu)
  • Baş beyində cərahiyyə və ya tətbiq olunan radiasiya müalicəsi

Hipotireoz halı həmçinin Şəkərli Diabet xəstələrində, anemiyası olanlarda, 60 yaşdan yuxarı qadınlarda, qanda triqliserid səviyyəsi yüksək olanlarda, menstrual pozğunluq və depressiya şikayyəti olanlarda müşahidə oluna bilər.

Hipotireozun Müalicəsi

Əgər Hashimoto xəstəliyi nəticəsində hipotireoz yaranıbsa bu zaman tiroid vəzi illər ərzində sıradan çıxır və yetərincə hormon ifraz edə bilmir. Bu və ya digər səbəblərdən hipotireoz əmələ gəlibsə çatışmayan hormon əvəzləyici hormon müalicəsi ilə təmin edilir. Bu müalicə çox vaxt həyat boyu davam edir.

Tiroid funksiyası aşağı olduqda hormon əlavəsi həb şəklində təyin edilir. Bu tabletlər mütləq şəkildə həkim nəzarəti altında qəbul olunmalıdır. Səhərlər ac qarnına, səhər yeməyindən ən azı 30 dəqiqə əvvəl qəbul olunmalıdır. Dəmir preparatları, mədə qoruyucu dərmanlar, kalsium tabletləri və ya yemək eyni zamanda qəbul olunduğu halda bu dərmanların bağırsaqlardan sorulması pozulur və təsirləri azalır. Buna görə sadalanan dərmanlar tiroid hormonundan ən az 4 saat sonra qəbul olunmalıdır.

Tiroid dərmanlarırının əksəriyyəti hamiləlikdə də istifadə edilə bilər. Hamiləlikdən əvvəl bu dərmanların dozalarını tənzimləmək və bəzi hallarda dərman dəyişiklikləri etmək lazımdır. Körpənin sağlam fiziki və əqli inkişafı üçün ideal tiroid hormon dəyərləri hamilə olmayan qadınlardan fərqlənir. Buna görə də, hamiləlik dövründə muntəzəm olaraq tiroid testəliri olunmalı və tiroid dərmanlarının dozları tənzimlənməlidir.

Subklinik hipotireozun müalicəsi: sT4 serum səviyyəsinin normal olduğu, TSH səviyyəsinin isə yüksək olduğu təqdirdə T4 müalicəsi verilməlidir. Serum TSH 10 mU/mL üzərindədirsə, bütün hallarda mualicə olunmalıdır. Lakin serum TSH  4,5-10 mU/mL arasındadırsa, müalicə yalnız aşağıdakı hallarda aparılır:

  • AntiTPO və AntiTg pozitifdirsə
  • Hipotireozun klinik əlamətləri varsa
  • Qanda xolesterin və trigliserid səviyyələri yüksəkdirsə

Bəzi tiroid xəstəliklərində (məsələn, səssiz lenfositik tiroidit, subakut tiroidit) tiroid vəzi tam olaraq zədələnmir, belə ki xəstəlik keçici olur və buna görə hipotireoz da keçici ola bilir. Hipotireozun diaqnostikası ucuz və dəqiq, müalicəsi isə asandır, buna gorə hər hansı bir şikayət olmasa da, 30 yaşdan sonra hər 5 ildən bir, 55 yaşdan sonra isə hər 2 ildən bir TSH testi olunması tövsiyə olunur.

Hipotireozun Çəkiyə Təsiri

Hipotireoz metabolizmanın yavaşlamasına səbəb olur və buna görə hipotirozlu xəstələrdə 15-30% çəki artımı müşahidə olunur. Bu xəstələr arıqlamaq üçün ilk növbədə müalicə olunmalıdır. Xüsusilə menopoz zamanı qadınlarda hipotireoz olduğu halda çəki atmaq çox çətinləşir. Tiroid hormon dərmanlarının müntəzəm istifadəsi zamanı xəstələr hormon səviyyəsini normallaşdırmaqla yanaşı arıqlamağa başlayırlar.

Tiroid hormonu yetərsizliyi ilə bərabər bəzi mikroelementlərin çatışmamazlığı da kilo verilməsini çətinləşdirir. Bu səbəbdən manqan, xrom, sink, kalsium və maqnezium çatışmamazlıqları da aradan qaldırılmalıdır. T4 hormonunun T3-ə çevrilməsində selenyum, sink, dəmir və mis kimi mikroelementlərin təsiri olduğu düşünülür.

Hipotireozla birlikdə qanda insulin hormonunun da səviyyəsi bəzən çox yüksək ola bilir. Bu da həmçinin çəki itirməni daha da çətinləşdirir. Yüksək şəkər yüklü karbonhidratlardan uzaq durmaq, sağlam qidalanmaq, fiziki hərəkətlər və endokrinoloq nəzarətində bəzi dərman preparatlarını qəbul etməklə insulin hormonunun da qandakı səviyyəsini normallaşdırmaq mümkündür.

Endokrinoloq Dr.Sevinc Ağaqızı