Ginekomastiya Nədir?
Ginekomastiya kişilərdə süd vəzi toxumasının 0,5 sm-dən böyük xoşxassəli proliferasiyasıdır.
Ginekomastiya sözünün mənşəyi yunanca “gyne” (qadın) və mastia (süd vəzisi) sözlərindən gəlir və qadın kimi süd vəzilərinə sahib olmaq mənasını verir.
Vəz toxumasının proliferasiyası olmadan, piy (yağ) yığılmasına Yalançı Ginekomastiya (Lipomastiya) deyilir və daha çox piylənməsi olan (obez) kişilərdə görülür. Lipomastiya aşkar edildikdə, başqa bir klinik araşdırma tələb olunmur.
Ginekomastiya çox vaxt ikitərəfli olsa da, tək tərəfli də ola bilər.
Kişilərində ginekomastiya həyatın müxtəlif mərhələlərində fizioloji olaraq əmələ gəlsə də, bəzən patoloji zəmində də yarana bilər.
Ginekomastiya müxtəlif yaş qrupunda olan kişilərdə müşahidə olunur:
- Yeni doğulmuş oğlan uşaqlarının 60-90%-də keçici ginekomastiya görülür. Bunun səbəbi hamiləlik dövründə yüksək miqdarda estrogen təsirinə məruz qalmalarıdır. 2-3 həftəyə öz-özünə keçib gedir.
- Yeniyetməlik dövründə (pubertal) hormonal düzənsizlik fonunda ginekomastiya əmələ gələ bilər və çox vaxt 6 aydan 2 ilədək bir müddətdə geriləyir.
- Yaşlı kişilərdə (50-80 yaş)-bu yaş qrupundaki hər 4 kişidən birində ginekomastiya müşahidə olunur.
Ümumiyyətlə ginekomastiya androgenin inhibəedici təsiri ilə estrogenin stimullaşdırıcı təsiri arasındakı tarazlığın pozulması nəticəsində əmələ gəlir.
Ginekomastiyanın əmələgəlmə səbəbləri:
☑️İdiopatik- 25%
☑️Prepubertal - 25%
☑️Dərmanlarla əlaqəli - 10-20%
☑️Sirroz və ya malnutrisyon - 8%
☑️Hipergonadotropik hipogonadizm - 8%
☑️Hipogonadotropik hipogonadizm - 2%
☑️Testikulyar şiş - 3%
☑️Hipertireoz - 2%
☑️Böyrək xəstəlikləri - 1%
☑️Digər səbəblər - 6%
Sirrozlu xəstələrin 67%-də ginekomastiya müşahidə olunur.
Diaqnoz:
✅Xəstələrin əksəriyyətində ətraflı anamnezin toplanması, fiziki müayinə, USM və bir sıra diaqnostik testlər ginekomastiyanın səbəbini müəyyənləşdirmək üçün yetərlidir.
✅Bu zaman ən vacib məqam ginekomastiya ilə süd vəzi karsinomasını(xərçəng) fərqləndirməkdir.
✅Bir çox dərman bu vəziyyətə səbəb ola bilər (antiandrogenlər/androgenlər, xərçəng əleyhinə dərmanlar, kimyəvi terapiya dərmanlar, ürək-damar dərmanları, hormonlar, psixotrop dərmanlar və.s). Buna görə istifadə etdiyiniz hər bir dərman və ya bitki mənşəli bioəlavələr haqqında həkiminizə məlumat verməlisiniz.
✅Xəstə bir yeniyetmədirsə, ümumi fiziki və cinsi inkişaf normaldırsa, çox güman ki, bu şəxsdə yeniyetməlik ginekomastiya var və 6 aylıq fasilələrlə təkrarlanan müayinələr vəziyyətin qalıcı olub olmadığını göstərəcəkdir.
Müalicə:
✅Xəstəliyin etiologiyasına, vəziyyətinin ciddiyyətinə və ağrı /həssaslığın olub-olmaması görə müəyyənləşdirilir.
✅Əksər hallarda müalicə olunmadan 6 aydan az müddətdə ginekomastiya spontan olaraq geriləyir.
✅Bəzi xəstələrdə yalnız səbəbi təqib etmək tövsiyə olunur.
✅Bəzən isə səbəbə yönəlik müalicədə nəticə vermədiyi təqdirdə cərrahiyyə və radioterapiya alternativ müalicə üsulları sayılır.
✅Cərrahi müalicə:
▪️Əgər xəstədə qlandulyar tip ginekomastiyadırsa sərt süd vəzi toxuması üstünlük təşkil edirsə, bu zaman onun əməliyyatla çıxarılması lazımdır.
▪️Qarışıq tip ginekomastiyadır, vəzi toxuması və piy toxuması vardırsa, cərrahiyyə və liposaksiya birlikdə istifadə olunur.
▪️Yalnız piy toxuması ginekomastiyaya səbəb olubsa, bu zaman yalnız liposaksiya icra olunur.
Endokrinoloq Dr.Sevinc Ağaqızı