Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

Diyabet və Ramazan

Kateqoriya: Məqalələr
  • 24 Apr
    2020
  • 10:35
  • 138
  • 0
    0
24.04.2020 - 10:35
138
0

Diabet ve Ramazan

Diabet, bədəndə insulin hormonunun az olması və ya tamamən olmaması nəticəsində meydana gələn metabolizma xəstəliyidir. Düzgün müalicə edilmədikdə ürək-damar xəstəlikləri, göz xəstəlikləri, böyrək çatışmamazlığı və insult kimi ciddi ağırlaşmalara səbəb olur. Diabet ömür boyu davam edən bir xəstəlikdir. Buna görə xəstələr dərmanlarını mütəmadi olaraq fasiləsiz qəbul etməlidirlər, müvafiq pəhrizə və idman hərəkətlərinə riayət etməlidirlər.

Tibbi baxımdan diabetli bir xəstənin oruc tutması onun orqanizması üçün təhlükəlidir. Bu səbəbdən şəkərli diabet xəstəsi oruc tutmaq istədikdə ilk olaraq həkim rəyini almalıdır. Həkim tərəfindən uyğun hesab edildiyi təqdirdə oruc tutmağa qərar verən diabet xəstəsinin müalicə və qidalanma proqramı yenidən düzənlənməlidir. Xəstənin bu mövzuda məlumatlandırılması və nə edəcəyini bilməsi son dərəcə vacibdir.

Oruc tutmaq üçün yüksək risk qrupuna daxil olan xəstələr:

  • 1-ci tip diabet xəstələri
  • Tez-tez hipoqlikemiya halı keçirən - şəkər səviyyəsi 60 mq/dl-dən aşağı düşən xəstələr
  • Hipoqlikemiya halını hiss etməyən xəstələr
  • Qan şəkərinin səviyyəsi yaxşı tənzimlənməmiş - aclıq qan şəkəri 150-300 mq/dL və ↑, qlikohemoqlobin səviyyəsi HbA1C 8-10% və ↑ olan xəstələr
  • Diabet koması keçirmiş (ketoasidoz) xəstələr
  • Mədə və onikibarmaq bağırsağında xora olan və ya digər ağır sağlamlıq problemləri olan xəstələr
  • Xroniki böyrək çatışmamazlığı olan və ya dializ müalicəsi alan xəstələr
  • Hamilə diabet xəstələri
  • İnsulin və insulin ifrazını artıran dərmanlar istifadə edən, tək yaşayan diabet xəstələri
  • Yaşlı diabet xəstələri

Risklər Nələrdir?

Yüksək riskli diabet xəstələri oruc tutduğu təqdirdə, qanda qlükoza səviyyəsi aşağı düşməsi (hipoqlikemiya), diabetik komanın əmələ gəlməsi (ketoasidoz), bədəndə ciddi susuzlaşma (dehidratasiya), damarlarda laxtalanmanın artması (tromboz) risklərinə məruz qala bilərlər. Orqanizmin uzun müddət susuz qalması laxtalanma pozğunluqlarının artmasına, həmçinin qan təzyiqinin düşməsinə, huşun itirilməsinə, xəstənin yıxılmasına və nəticədə sınıqların əmələ gəlmə səbəb ola bilər.

Sahurdan 8 saat sonra tam olaraq aclıq başlayır, bu zaman vücudunuz ilk növbədə qaraciyərdə olan şəkər depolarını enerji mənbəyi kimi istifadə edir. Daha sonra, enerji mənbəyi kimi istifadə etmək üçün yeni karbohidrat qəbulu olmadığından, depolanmış yağlar parçalanaraq istifadə olunur və bunun nəticəsində qanda turşu (asidik) maddələr artmağa başlayır və müəyyən miqdardan sonra sağlamlıq üçün təhlükəli hal alır.

Diabetli şəxslərin oruc tutarkən daha çox üzləşə biləcəyi hallar hansılardır?

 ∞ Hipoqlikemiya (qan şəkəri səviyyəsinin çox aşağı olması)

  • titrəmə və tərləmə
  • bulanıq görmə
  • baş ağrısı/baş gicəllənmə
  • əsəbilik/narahatlıq
  • ürək cırpıntısı

Diabetli insanların hamısı hipoqlikemiya ilə qarşılaşmır, lakin insulin və insulin ifrazını artıran oral antidiyabetik dərman istifadə edənlərin hipoglikemiya riski daha yüksəkdir!

∞ Hiperglikemiya (qan şəkəri səviyyəsinin çox yüksək olması)

  • susuzluq
  • dodaqların, ağızın və dərinin quruluğu
  • sidik ifrazının tezləşməsi
  • baş ağrısı/qarın ağrısı
  • həddindən artıq yorğunluq/halsızlıq
  • nəfəs almanın çətinləşməsi/nəfəsdə aseton qoxusu

Unutmayın! Qan şəkərini ölçmək orucu pozmur. Qan şəkəri ölçü cihazınız varsa, mütəmadi olaraq qan şəkərinizi ölçün!

Beləliklə diabet xəstəsi olduğunuz halda oruc tutmaq istəyirsinizsə, əvvəlcə həkiminizlə əlaqə saxlayın və hazırkı səhətinizin oruc tutmağa uyğun olub olmadığını öyrənin. Əgər həkiminiz orucun sizin səhətiniz üçün təhlükəli olduğunu söyləyirsə, sözlərinə qulaq asın.

Riskləri gözə alib oruc tutmaq istəyən xəstələr nə etməlidirlər?                

 

  • Gündəlik kalori miqdarını tənzimləyərək Ramazan ayına uyğunlaşdırılmış pəhrizə riayət edin.
  • İftar və sahurdə qəbul etmək üzrə dərmanlarınızın qəbul saatını həkiminizlə birlikdə düzənləyin.
  • İftar və sahur arasında "az" amma "tez-tez" yemək prinsipini tətbiq edin. Yəni, sahur və iftarda iki "əsas" yemək, iftardan 1-1.5 saat sonra bir və ya iki dəfə "ara" yemək qəbul edin.
  • Qida seçimində ağ undan hazırlanmış çörək, xəmir yeməkləri, düyü plovu, makaron, kartof və şəkərli qidalar kimi qan şəkərini yüksəltmə potensialı yüksək olan qidaları məhdudlaşdırın.
  • Sahurda az yağlı pendir, yumurta, zeytun, çovdar və ya tam buğda çörəyindən istifadə edə bilər, bir stəkan süd və ya ayran, meyvə və tərəvəzlərlə yeməyinizi zənginləşdirə bilərsiniz. Liflə zəngin olan bu yemək sizi uzun müddət tox tutacaq və iftara qədər daha rahat bir gün keçirməyinizə şərait yaradacaqdır.
  • İftarda bir kasa şorba və salatla orucunuzu aça bilər, 10-15 dəqiqə fasilədən sonra ət və ya tərəvəz yeməyi, qatıq, çovdar və ya buğda çörəyi ilə davam edə bilərsiniz. Gün ərzində həddindən artıq aclıq hiss edirsinizsə, qırmızı lobya, noxud, mərcimək və bulqur kimi proteinlə zəngin qidalardan istifadə edin. Zülal tərkibli qidalar mədədə daha uzun zaman qaldıqları üçün sizi uzun müddət tox tutacaqdır.
  • "Ara" yeməklərdə isə sahurda və iftarda kifayət qədər və ya heç istifadə etmədiyiniz qidalardan - meyvə, süd, qatıq, qoz-fındıq, badam və s. istifadə edə bilərsiniz.
  • Bir dəfəyə böyük porsiyonlarla qidalanmaq əvəzinə daha kiçik porsiyonlara üstünlük verin.
  • Orqanizmin uzun müddət susuz qalması böyrək funksiyalarına mənfi təsir göstərə bilər. Diabetin ən çox zədələdiyi orqanlardan biri olan böyrəkləri qorumaq üçün iftar və sahur arasında ən az 2-2,5 litr (12-14 fincan) su için.
  • Hipoqlikemiya vəziyyətinə qarşı üstunuzdə şəkər, meyvə suyu, kişmiş və ya şəkərli qida gəzdirin. Özünüzü pis hiss etsəniz, orucunuzu dayandırın.
  • Ramazan bitdikdən sonra təkrar Ramazandan əvvəlki müalicə və qida rejiminə qayıdın.

Unutmayaq! Bizə əmanət edilmiş vücudumuza qayğı göstərmək də bir ibadətdir!

Endokrinoloq Dr.Sevinc Ağaqızı