Close

MENYU

Email:
Tel.: (+994 50) 202-48-88

D Vitamini Əskikliyi

D Vitamini Əskikliyi

D vitamini, başda sümüklər olmaqla bədənimizin bir çox funksiyalarında əhəmiyyətli vəzifələri olan bir vitamindir.

D vitamini əskikliyi və ya qeyri-kafiliyi yetkin insanlarda osteomalyasiyaya (sümük əriməsinə), uşaqlarda isə Raxit xəstəliyinə səbəb olur.

D vitamini əskikliyinin qarşısını almaq üçün kifayət qədər günəş şüası almaq və tərkibində D vitamini olan qidaların istifadəsi əhəmiyyətlidir. Bütün tədbirlərə baxmayaraq, D vitamini əskikliyi bir çox ölkələrdə, xüsusi ilə də yaşlı insanlarda bir çox sağlamlıq problemlərinə səbəb olur.

D Vitamini Nədir?

"D vitamini" bədəndə əhəmiyyətli vəzifələri olan, yağda həll olan bir vitamindir.

  • Qida vasitəsi ilə alınan kalsium və fosforun bağırsaqlardan sorulmasını təmin edir
  • Sümük əriməsinə yol açan bir hormon olan, paratiroid hormonunun ifraz olunmasının qarşısını alır
  • Sümük və əzələlərin sağlamlığı üçün bədəndə kalsium və fosfor tarazlığını təmin edir
  • İmmun sisteminə müsbət təsir edir
  • Hipertoniya, ürək xəstəlikləri, bəzi xərçəng xəstəlikləri və autoimmun xəstəliklərə qarşı qoruyucudur


D Vitamininin Təbii Qaynaqları

D vitamini, günəş şüalarının təsiri ilə dəridə əmələ gəlir. Gündəlik D vitamini ehtiyacı qollar, ayaqlar və üzün 20 dəqiqə günəş şüası qəbul etməklə təmin oluna bilər. Günəş süasının yetərliliyi insanın yaşı, dəri rəngi, günəş şüası alma müddəti və ya digər tibbi problemlərinə görə dəyişir.

D vitaminin dəridə sintezi, yaş artdıqca azalır. Dəri rəngi tünd olan insanların dərisində D vitamininin əmələ gəlməsi üçün, xüsusilə də qış aylarında uzun və davamlı gün işığına ehtiyac vardır. Günəş qoruyucusu istifadə edən insanların (faktor 20 və çox) dərisində D vitamini əmələ gələ bilmir.

D vitamininin digər əhəmiyyətli qaynağı aşağıdakı qidalardır: yağlı balıqlar (dəniz balıqlarından qızılbalıq, sardina və tuna balığı), balıq yağı, yumurta, qaraciyər, kərə yağı, süd, yulaf, şirin kartof, bitki yağlari, cəfəri, gicitkənotu, yonca.

D Vitamininin Əskikliyinin Səbəbləri

D vitamininin əskikliyi 3 əsas səbəbdən qaynaqlanır:

  • Kifayət qədər günəş şüası almaması, həmçinin qidalarla yetərincə D vitamini qəbulu olunmaması
  • Bağırsaqlardan D vitamininin yetərincə sorulmaması
  • Qaraciyər və ya böyrək xəstəliyi olanlarda D vitamininin aktiv formasına çevrilə bilməməsi 

D vitamininin az qəbulu körpələrdə, uşaqlarda və yaşlılarda daha tez-tez müşahidə olunur:

Ana südü ilə qidalanan körpələrdə buna səbəb ana südündə D vitamininin çox az olmasıdır. Lakin hazır uşaq qidalarının bəziləri D vitamini ilə zənginləşdirilmişdir. 

Yaşlılarda isə əsas səbəb, bəzi xəstəlikləri ilə əlaqədar qida məhdudiyyəti olmasıdır. Eyni zamanda yaşlılarda qida qəbulu normal olsa belə, bağırsaqlarda D vitamini sorulması azalmışdır.

D vitamininin sorulmasına maneə törədən xəstəliklər:

Bəzi xəstəliklər bağırsaqlarda D vitamininin sorulmasına mane olur: Çölyak xəstəliyi, Crohn xəstəliyi və Kistik Fibroz.

Həmçinin Piylənmənin müalicəsində tətbiq olunan gastrik-bypass əməliyyatlarından (mədə və ya bağırsaqların bir qisminin çıxarılması)  sonra da D vitamini əskikliyi əmələ gəlir.

D vitamini əskikliyinə səbəb olan dərmanlar:

Kortikosteroid (kortizon) kalsiumun sorulmasını və D vitamininin metabolizmasını pozaraq osteoporoza səbəb olur.  

Piylənmə (Obezite) müalicəsində istifadə olunan Orlistat D vitamininin bağırsaqlardan sorulmasına əngəl yaradır.

Epilepsiyanın müalicəsində istifadə olunan fenobarbital və tərkibində fenitoin olan dərmanlar D vitamininin qaraciyərdə aktiv formaya çevrilməsinə mane olaraq fəaliyyətini azaldır.

Qaraciyər və böyrək xəstəlikləri:

Günəş şüası təsiri ilə dəridə əmələ gələn və ya qidalar vasitəsi ilə aldığımız D vitamini qaraciyər və böyrəklərdə bir sıra maddələr vasitəsilə aktiv hala çevirilir. Xroniki qaraciyər və ya xroniki böyrək xəstəliyi olan şəxslərdə bu maddələr yetərincə olmadığından, D vitamini təsirli-aktiv hala çevrilə bilmir.

D Vitamini Əskikliyinin Nəticələri:

  • Qanda kalsium səviyyəsinin azalması (Hipokalsemi)
  • Qanda fosfor səviyyəsinin azalması (Hipofosfatemi)
  • Uşaqlarda sümüklərin yumşalması və əyilməsi (Raxit)
  • Yetkin insanlarda sümüklərin yumşalması və əzələ zəyifliyi (Osteomalyasiya)
  • Sümük kütləsinin azalması və sümük qırılmalarının artması (Osteoporoz)

D Vitamini Əskikliyinin Diaqnostikası

D vitamini çatışmamazlığı və əskikliyi (defisiti) diaqnozu qanda D vitamininin (25 OHD) səviyyəsinə əsasən qoyulur:

  • 30 ng/ml üzəri - normal (optimal səviyyə 60-80 ng/ml arası)
  • 20-30 ng/ml arası - D vitamini çatışmamazlığı
  • 20 ng/ml altı - D vitamini əskikliyi (defisiti) olaraq təyin olunur

D vitamini səviyyəsinin təyini, maliyyəti yüksək olan analizdir və rutin olaraq yoxlanılmır.

D Vitamini səviyyəsi kimlərdə yoxlanılmalıdır?

  • Yatağa və evə bağlı insanlarda
  • D vitamini əskikliyi və çatışmamazlığına yol aça biləcək xəstəliyi olanlarda
  • Osteoporozu olanlarda
  • Yıxılaraq travma nəticəsində qırıq tarixcəsi olanlarda
  • Qanda kalsium səviyyəsi aşağı (Hipokalsemisi) olanlarda
  • Qanda fosfor səviyyəsi aşağı (Hipofosfatemisi) olanlarda
  • D vitamini mübadiləsinə təsir edən dərmanları istifadə edənlərdə

D Vitamini Əskikliyinin Müalicəsi

D Vitamini preparatları ilə həyata keçirilir. D vitamini preparatlarin tərkibində tək halda, kalsiumla birgə və ya multivitaminlırin tərkibində olur. D vitamini damla, sirop, draje, kapsula, çeynəmə həbi və ampul şəklində olur.

D vitamininin alınma dozası əskikliyinin səbəbinə və ciddiliyinə görə dəyişə bilir, bu səbəblə həkiminizlə məsləhətləşməlisiniz. D vitamininin bağırsaqdan sorulması ilə əlaqədar problem yaşayan şəxslərə, D vitamini inyeksiya şəklində təyin olunur.

Diqqət yetirilməsi lazım olan məsələlərdən biri də D vitamini çatışmamazlığının müalicəsində gündəlik kalsium qəbulunun da yetərincə olmasıdır:

  • 31-50 yaş arası yetkin insanlar 1000 mg kalsium
  • 51 yaşdan yuxarı yetkin insanlar 1200 mg kalsium qəbul etməlidirlər

Kalsium qida vasitəsi ilə və D vitamini ilə kombinə olunmuş formada qəbul oluna bilər.

D vitamininin artıq qəbulu

D vitaminin gərəyindən çox qəbul olınması "D vitamini zəhərlənməsi" deyilən hala səbəb olur. Bu vəziyyətdə qanda kalsiumun səviyyəsi də yüksəlir (hiperkalsemiya) və bununla əlaqədar ciddi sağlamlıq problemləri yaranır.

Bu vəziyyətin yaranmaması üçün tərkibində D vitamin olan bir neçə dərman eyni vaxtda qəbul olunmamalıdır. (Məsələn multivitaminlər və D vitamini preparatları eyni vaxtda qəbul olunmamalıdır). Həmçinin qəbul olunan D vitaminin dozası həkim tərəfindən təyin olunmalıdır.

D Vitamini Çatışmazlığının Qarşısının Alınması (Profilaktikası)

d-vit_3

Normal D vitamini səviyyəsi dəri rənginə, günəş şüası qəbul etmə müddətinə, pəhriz vərdişlərinə və digər tibbi problemlərin olub-olmamasına görə dəyişir.

Dəridə yetərincə D vitamini əmələ gəlməsi üçün, həftədə ən az 2 dəfə (saat 10:00 ilə 15:00 arası xaric, çünki bu saatlarda günəş şüaları dəri xərçənginin əmələ gəlmə ehtimalını artırır) üz, qollar, ayaqlar və kürəyin günəş qoruyucu sürtülmədən 20-30 dəqiqə gün işığına məruz qalması D vitamini sintezi üçün kifayətdir.

Endokrinoloq Dr.Sevinc Ağaqızı